Aprelin 2-də Cəbhə xəttinin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər 1997-ci il təvəllüdlü Xocalıdan olan Mehrəliyev Sarvan Natiq oğlu 03.04.2016-cı il tarixdə Ağdam rayon Üçoğlan inzibati ərazi vahidinin Ballar kəndində son mənzilə yola salındı. Qardaşı ilə döyüş əməliyyatında birgə iştirak edən Sarvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu hər kəsə göstərdi. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, millət vəkili Elman Məmmədov, Ağdam rayon İH-nin başçısı Raqub Məmmədov, Xocalı və Ağdam rayon rəsmiləri, kənd sakinləri, sadə vətəndaşlar və şəhidin ailə üzvləri iştirak edirdilər.
Xocalı rayon İH-nin başçısı Şahmar Usubov şəhidin göstərdiyi şücaətdən danışdı. Cənab başçı qeyd etdi ki, Sarvan Ali Baş Komandanın əmrini icra edərkən və öz vətəndaşlıq borcunu yerinə yetirərkən şəhid olmuşdur. Sarvan qısa gənclik ömrü yaşadı, ancaq hər kəsə nümunə olacaq bir ömür yaşadı. O, öz canını ana torpaq yolunda qurban verdi. Şəhidlik zirvəsinə ucalmaqla sübut etdi ki, Vətən ona canından əzizdir. Şəhidlik zirvəsi qürur zirvəsidir, hünər zirvəsidir, xalqa, torpağa məhəbbət zirvəsidir. Bu zirvə hər kəsə qismət olmur ancaq Sarvana qismət oldu. Şahmar Usubov şəhid ailəsinə Xocalı rayon ictimaiyyəti adından başsağlığı verdi. Millət vəkili Elman Məmməmədov şəhidimizə Allahdan rəhmət dilədi. O, bildirdi ki, Qarabağ bizi çağırır, bizdən haray diləyir. Düşmən tapdağından azad olmaq istəyir. İşğal olunmuş torpaqları biz azad etməliyik. Torpaq uğrunda canını fəda vermək hər kəs üçün xoşbəxtçilikdir, Allah dərgahına, şəhidlik zirvəsinə qalxmaqdır. Biz Vətənin şəhid övladlarının qanını yerdə qoymamaq üçün birlikdə mübarizə aparmalıyıq. Xocalıda, Şuşada, Xakəndində və digər işğal olunmuş torpaqlarımızda şanlı bayrağımız dalğalanmalıdır. Şəhidlərimizin ruhunun şad olması üçün torpaqlarımızı işğaldan azad etməliyik. Bunun üçün hamımız həmrəy olmalıyıq. Ağdam rayon İH-nin başçısı Raqub Məmmədov da dəfn mərasimində öz fikirlərini çatdırdı. Şəhidimizə Allahdan rəhmət dilədi.
Şəhid Mehrəliyev Sarvan Natiq oğlu qürur hissi ilə müqəddəs torpağa tapşırıldı. Onun ruhu qar-şısında əminliklə bildirildi ki, hər qarış torpağımız düşmən tapdağından azad ediləcək. Şəhidləri-mizin qisası mənfur düşmənlərdən artıqlaması ilə alınır və bundan sonra da alınacaq.
Şəhadətin mübarək olsun şəhidim. Allah rəhmət eləsin!